19 Mayıs 2016 Perşembe

Travma

   


    Travma insanın ego bütünlüyünü təhdid edən,onun ruhunu sarsıdan hər hansı bir şiddətli faktordur. Travmada həyatımıza,bədənimizə,inanclarımıza,sevdiklərimizə qarşı bir təhdid var.Travma qəfildən, nə etsək də heç vaxt  hazır olmadığımız vəziyyətdə varlığımızı təşkil edən fiziki,psixoloji faktorlara vurulan zərbədir.Bizi keçmişimiz və gələcəyimizdən (şiddətinə görə dəyişir) qoparan zamansızlıq halıdır.
    Travma 2 cür olur: Fərdi və ictimai travmalar.
Fərdi travmalara işsizlik,boşanmaq,ayrılıqlar,ailə daxilində şiddət,təcavüz,yol qəzaları,xəstəliklər, fiziki qüsurlu olmaq,qəfil ölüm və sair halları daxildir.
Müharibə,terror,təbiət hadisələri ( zəlzələ, vulkan partlaması, sel və sair ), iqtisadi böhranlar isə ictimai travmalara aiddir.
Keçmişdə başqa fəlakət qurbanları, ailə daxilində şiddətə məruz qalanlar,yaxın keçmişdə doğmalarından birini itirənlər,istər ailə içində istərsə də iş yerində emosional bağları zəif olanlar, xroniki xəstəliklərin daşıyıcıları,psixososial problemləri olanlar travmanın təsirini ən ağır yaşayan riskli qruplardır.
Travmadan sonra belə reaksiyalarla qarşılaşılır:
Şok,kədər,qəzəb,günahkarlıq,ümidsizlik,narahatlıq,qorxu,pessimistlik,donuqluq, həddindən artıq əsəbilik,çarəsizlik,özünü hiss etməmək travma sonrasında verilən emosional reaksiyalardır. İnamsızlıq,diqqətsizlik,unutqanlıq,bəzən intaharı düşünmək,düşüncələrdə ümumiləşdirmələr ( hamı və hər şey pisdir),hallisünasiyalar, hadisə ilə bağlı göz önünə gələn görüntülər və hadisəni təkrar müxtəlif zamanlarda yaşamaq (flashback) və sair kimi reaksiyalara da rast gəlmək olur.
Fiziki olaraq baş və sinə ağrıları, ürək bulanmalar, ürək döyüntüləri, səslərə qarşı həssaslıq, iştahın artması və ya kəsilməsi, xroniki yorğunluq halları, nəfəs darlığı və immunitetin zəifləməsi ilə tez-tez xəstələnmək və sair əslində bədənimizin travma qarşısında özünü ifadə etməsidir.
İçə qapanmaq, özünə qarşı laqeydlik, sosial həyatdan uzaqlaşmaq, narkotik və içkidən istifadə etmək, qaçmaq, danışmaqdan imtina etmək, diqqətsizlik, eyni şeylə məşğul olmaq və ya hər fəaliyyətdən tez bezib başqa şeylərə yönəlmək, heç bir şey olmamış kimi davranmaq travmadan sonra rast gəlinən davranışlardır.
Bütün ictimai və fərdi travmalar sonrasında bizim yaxşı, etibarlı, güvən içində bir həyatda yaşadığımız inancı zədələnir. "Nə baş verir başa düşmürəm?", "Nə edəcəyimi bilmirəm?" kimi reaksiyalar iqtisadi böhran kimi ictimai travmalardan sonra üzə çıxan reaksiyalardır.
Travmaya daha çox uşaqlar və yeniyetmələr şiddətli reaksiya verir. Uşaqlarda daha çox qorxu və narahatlıqlara rast gəlinir. Qorxu əslində hər bir insanın təhlükə qarşısında verdiyi normal reaksiyadır. Uşaqlar hadisələrin təkrarlanmasından, ölümdən, ailəsindən ayrlmaqdan və ya yalnız qalmaqdan qorxurlar. Yaşanılan hadisədən daha çox xəyal dünyalarının yaratdığı qorxuları da yaşaya bilirlər. Uşaqlarda ən çox rast gəlinən yuxu rejimlərinin pozulmasıdır. Tək yatmaq istəməzlər, yuxuya getməkdə çətinlik çəkə bilərlər, gecələr tez-tez oyana bilərlər, qorxulu yuxular görə bilərlər. Belə vaxtlarda normal olaraq valideynlərinin yanında olmaq istəyirlər. Uşaqlar stres yaşadıqları zaman daha balaca yaşlarına geri qayıda bilirlər ( altlarını isladırlar, barmaqlarını əmirlər, anaya yapışırlar). Valideynlər bu davranışlar qarşısında sərt reaksiya verdikləri zaman bu davranışları daha da çoxalır və şiddətli hal alır. Uşağı bu vəziyyətdən çıxarmaq üçün ilk əvvəl onu başa düşmək vacibdir. Uşaqların qorxuları mənasız hesab edildikdə və buna görə danlandıqlarında başa düşülmədikləri fikrinə düşüb özlərindən utanırlar, özlərini rədd edilmiş və sevilmirmiş kimi hiss edirlər. Bu da qorxularının daha da artmasına səbəb olar. Buna görə də uşaqlarınıza qulaq asın və sizinlə danışması üçün onu cəsarətləndirin. Travmatik hadisələr qarşısında bəzən valideynlər daha çox təsirlənir, özlərini ələ ala bilmədikləri üçün susmağa üstünlük verirlər. Belə vəziyyətlərdə uşaqlarla öz düşüncə və hisslərini bölüşmək uşaqlarda da öz hisslərini paylaşmağa cəsarətləndirər. Uşaqlara "bilirəm qorxursan" , "bu çox qorxunc bir hadisədir" kimi ifadələrlə emosiyalarınızı dilə gətirməniz onu rahatladacaqdır. Çünki hadisələr qarşısında verdiyi reaksiyaların normal olduğunu öyrənmək ona cəsarət verib rahatlamağına səbəb olacaqdır. Belə zamanlarda uşaqlarla daha çox birlikdə zaman keçirilməlidir. Gündüz vaxtı onunla daha çox oynayıb, birlikdə zaman keçirsəniz gecə rahat yatacaqdır. Bir müddət sizinlə yatmaq istəyəcəkdir. Buna razı olun amma bu vəziyyətin uzun bir müddət davam etməsinə imkan yaratmayıb. Məsələn onunla razılaşın ki 3-4 gün sonra normal vəziyyətinə geri qayıdana kimi bu davranış (birlikdə yatmaq) davam edəcəkdir. Zaman dolanda şərtinizə əməl edin. Uşağın günlük işlərdə sizə kömək etməsinə imkan yaradın. ( süfrəni yığışdırması, evi tozsoranlaması və sair). Uşaqlar təriflənməkdən həzz alırlar. Xüsusən belə kritik zamanlarda uşaqların neqativ davranışları yerinə pozitiv davranışları daha qabardılıb onları təqdir eləmək lazımdır. Məktəbə getməkdən imtina edən uşaqlar mütləq məktəbə göndərilməlidir. Bu mövzuda məktəb psixoloqundan kömək ala bilərsiniz.
 Travma ilə necə mübarizə apara bilərik?
Məlumatlanmaq, çox balaca da olsa həyata keçirə biləciyimiz öhdəliklərə boyun olmaq, sosial əlaqələrimizi gücləndirmək, güvəndiyiniz insanlar və dostlarla sıx əlaqələr qurmaq, içə qapanmaqdan qaçmaq.
Travma qarşısında verdiyiniz reaksiyalar sizə yad olsa da digər insanların da göstərdiyi normal reaksiyalardır. Siz deyil , başınıza gələn fəlakətlər anormal vəziyyətlərdir. Heç bir zaman buna görə günahkarlıq hissi keçirməyin!  
Fiziki sağlamlığınıza diqqət edin. Sağlam həyat tərzi yaşayın, yaxşı qidalanın. İdmanla məşğul olun! Dincəlmək üçün özünüzə zaman ayırın. Spritli içki və narkotiklərdən uzaq olun.
Emosional cəhətdən yaxın zamanlarda həyatınızda hansı dəyişikliklər baş verəcək onu düşünün. Bu barədə məlumatlanın. Məsələn yaxın zamanda toyunuz olacaqsa evlilik həyatı, qarşı cinslə bağlı, sizi pozitiv, neqativ  fərqi yoxdu nələrin gözləməsi ilə əlaqədar yaxınlarınızdan, böyüklərdən, mütəxxəssislərdən (həkim, psixoloq və sair) informasiyalar alın. Özünüz neqativ hallar baş verərsə necə həll yollarından istifadə etmənizlə bağlı düşünün.
Heç zaman unutmayın! Başınıza gələn hadisələr sizin iradənizdən asılı olmayaraq baş verdi və nə etsəniz də bunun qarşısını ala bilməyəcəkdiniz. Bu sadəcə sizin və sizin doğmalarınızı başına gələn fəlakətdir kimi ümumiləşdirilmiş düşüncələrdən qaçın. Hərəkətlərinizə diqqət edin. Həyatınızı qaydasına qoymağa çalışın və unutmayın ki heç nə əvvəlki kimi olmayacaq. Sizin üçün vacib olan şeylər təbii olaraq dəyişəcəkdir. Artıq mənasız olduğunu düşündüyünüz şeyləri həyatınızdan çıxarın. Sizin üçün doğma və etibarlı olduğunu düşündüyünüz insanlarla daha çox əlaqə saxlayıb, tez-tez görüşün. Çalışın keçmiş üçün heyifslənmək və gələcək üçün narahatlıq keçirmək yerinə BU GÜNÜ yaşayın.
Nə zaman psixoloqa müraciət etməlisiniz:
·         Fiziki və ya psixoloji zərər görüb yaxud belə bir hadisəyə şahid olmusunuzsa, bu zaman dəhşətli qorxu yaşayıb, çarəsizlik və ümidsizlik hiss etmisinizsə
·         Hadisə ilə bağlı görüntülər gözünüzün qarşısından getmirsə
·         Üzərindən uzun bir müddət keçsə sanki o hadisəni bu gün yaşayırmışsınız kimi hiss edirsəniz (flashback)
·         Qorxulu yuxular görürsəniz
·         Dinlədiyiniz hər musiqi, oxuduğunuz hər yazı, qarşınıza çıxan hər bir şey o hadisəni sizə xatırladırsa və siz buna qarşı emosional reaksiyalar verirsəniz
·         Həyata və özünüzə qarşı laqeyd olmusunuzsa, heç bir şeydən həzz almırsınızsa
·         İnsanlardan uzaqlaşıb, içinizə qapanmısınızsa
·         Bu göstəricilər hadisədən bir ay keçsə də davam edirsə
·         Bu reaksiyalar şəxsi, iş, sosial həyatınıza neqativ təsirlər edirsə
·         Yuxu problemləri uzun zamandır davam edirsə
·         Qorxularınız daha da artarsa
Bu zaman bir profesionala, psixoloqa müraciət etməniz şərtdir. Psixoterapiya ilə bütün bunlar düzələ bilir. Əks halda gün gündən göstəricilər daha da artacaq həyatınızı dözülməz hala gətirəcəkdir.




Uğur İnkişaf Mərkəxinin mütəxəssisi Psixoloq-konsultant Nərgiz Qaravəliyeva

Related Posts:

  • Karyera konsultasiya   İş seçmək həyat tərzini seçməkdir. Bir çox insan seçdiyi işin qarşısına çıxaracağı həyat tərzini bilmədiyi və onu araşdırmadığı üçün özünü uğursuz,səmərəsiz və özünü bədbəxt hiss etməkdədir. Bu uğursuzluğu yaş… Read More
  • İnsan psixologiyasına aid maraqlı faktlar 1. Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq.Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri sevdiyimiz adamla həll etmək,çatışmazlıqları onda tapmağa çalışırıq. 2. Hətta müsbət hadisələr belə — u… Read More
  • Depresiyanın neqativi: Mania         Mania,insanı pessimistliyin dərinliklərinə aparan depresiyanın neqatividir.Bəzən həddindən artıq şən və coşmuş halı.Mania keçirən insan sanki ruhən qanadlanıb göylərdə,buludlarda uçur ya da bi… Read More
  • Mövsümi depresiyalar "Yatmaq istəyirəm!","Yuxudan durmaq səhərlər mənə əziyyət verir!","Halım yoxdur!", "Hər tərəfim ağrıyır", "İşə getmək istəmirəm!", "Bezdim hər şeydən!” Yazın gəlişi ilə sizdə də bu şikayətlər başlayıb?Gəlin bunun səbəbl… Read More
  • Sağlam təməlli evliliyin sirrləri           Evlilik həyatı paylaşmaqdır.Cütlüklər arasında paylaşılan şeylər nə qədər çoxdursa evlilikləri o qədər sağlam olur.Buna həm mənəvi həm də maddi şeylər daxildir.Amma nə üçünsə son zamanla… Read More

0 rəy :

Yorum Gönder