4 Mayıs 2016 Çarşamba

Ruhun xərçəngi



     Özünü qaranlıq bir tuneldə hiss edirsən,sanki ucu-bucağı olmayan,sonsuzluğa doğru gedən bir tuneldə.Heç bir iş görmək istəmirsən,heç nə maraqlı deyil.Gecələr yatağa girəndə saatlarla o yan bu yana çevrilirsən,arada yatıb yuxuya getsən də,günəş çıxmadan,hər kəsdən öncə oyanıb,bir daha yata bilmirsən.Biri ilə söhbət edərkən,gözlərin "yol çəkir",fikrin yayınır,heç cürə qarşındakına fikrini verə bilmirsən.Son zamanlarda ən önəmsiz şeylər üçün belə göz yaşlarını saxlaya bilmirsən,saatlarla ağlayırsan.Özünü çox tənha və atılmış hiss edirsən.Keçmişini xatırlayıb,bəzi hərəkətlərinə görə peşmanlıq yaşayırsan,gələcək üçün heç bir ümidin yoxdur.Ölüm bir xilas yolu kimi görünür amma valideynlərin,sevdiklərin gözünün önünə gəlir və ağlından keçən fikirlər səni bir daha qorxuya salır.

   Yuxarıda depresiyanın bəzi əlamətləri göstərilib.Depresiya zəmanəmizin ən çox yayılmış psixoloji pozuntusudur.Depresiya hamıda fərqli səbəblərdən qaynaqlanaraq fərqli xüsiyyətlərlə özünü göstərir. Bəzilərində pessimistlik və ümidsizlik,bəzilərində isə həyata qarşı laqeydlik və heç bir şeydən həzz almamaq ön plana çıxır.Hər 10 kişidən biri,hər 5 qadından biri həyatı boyunca bir dəfə də olsa depresiya keçirir.Ona görə də depresiya psixiatriyanın "soyuq dəyməsi" adlanır.
    Depresiyaya hər yaşda rast gəlinir.Qadınlarda ən çox 35-40 yaşları arasında,kişilərdə isə 45-65 yaşları arasında üzə çıxır.Depresiyaya ən az evli kişilərdə,daha sonra isə evli qadınlarda rast gəlinir. Evlilik depresiya üçün qoruyucu qalxan rolunu oynayır.Ən riskli qrup isə ayrılmış,boşanmış,dul qadınlardır.Qadınlar həm də kişilərə görə depresiya mövzusunda daha açıq fikirlidirlər.Qadınlar ümumiyyətlə hisslərini,emosiyalarını daha çox büruzə verir,yaşadıqları çətinlikləri rahatlıqla dilə gətirib bununla bağlı kömək istəyirlər.Kişilər isə "KİŞİ AĞLAMAZ" prinsipi ilə davranıb,depressiv hisslərini və ümidsizliklərini gizlədib,"GÜCLÜ KİŞİ" imicini pozmamağa çalışırlar.Bu da təbii olaraq bir çox fəsadlara gətirib çıxarır.Unutmayaq ki,intihar halları kişilərdə daha çox rast gəlinir. Problemləri içinə atdıqda,heç bir həll yoluna baş qoşmadıqda son çarə intihar ola bilir.
   
    Depresiyanın hər bir psixoloji pozuntu kimi akut və xronik mərhələləri var.Depresiya halı 6 ayı keçirsə artıq xronik mərhələdədir və xəstəlik adlanır.6 ayı keçmirsə depressiv hisslər adlanır.Bunlar niyə vacibdir ?Çünki depressiv hisslər yaşandıqda,akut mərhələdə olduqda psixoloq konsultasiya və psixoterapiya ilə müdaxilə edə bilər.Artıq xronik mərhələyə keçdikdə depresiya xəstəliyi baş verdikdə həkim-psixiatrın dərman müalicəsi və klinik psixoloqun psixoterapiyası lazım olur. Depressiv hisslər keçirən insanlarla,depresiya xəstələri arasında fiziki görkəmlərində,öz baxımlarında da fərqlər çox olur.Çox zaman depresiya xəstələri ruhi-əsəbi xəstələrin dispanserində müalicə alır. Ona görə də gec olmadan xronik mərhələyə keçmədən depressiv hisslər keçirən insanlara profesionallar tərəfindən müdaxilə lazımdır.
   Son illlərdə depresiyadan əziyyət çəkən insanların sayı xeyli artmışdır.Depresiya xüsusilə gənclər arasında artmışdır.Buna görə də bəzi tədqiqatçılar dünyanın Melanxoliya əsrinə keçdiyini irəli sürürlər.

                                                     Depresiya və intahar

    Depresiyanın ən drammatik nəticələrindən biri intahardır.Depresiya keçirən insanların 15% i özünə qəsd edir. Bu cəmiyyətdə ümumi insanların sayının 30 qatıdır.Bunun qarşısını almaq üçün inkişaf etmiş ölkələrdə intaharla mübarizə mərkəzləri yaradılıb.İntaharın qarşısını almaq üçün ona meyilləndirən media yayınlarının kontrol edilməsi,intihara meyilləndirən böyük körpü ətraflarında nəzarətin gücləndirilməsi,silahların əldə edilməsində bəzi məhdudiyyətlərin qoyulmasında fayda vardır.

                                           Depresiyanın yaranma səbəbləri

    İnsanı depresiyaya aparan səbəblər nələrdir? Niyə həyat insanın gözünə daşınması çətin bir yük kimi görünür? Çox zaman insanın  həyatında neqativ hadisələr baş vermişdir.Əziz bir insanın ölümü,ağır bir xəstəlik,problemli evlilik həyatı,ayrılıq,işsizlik kimi bir çox səbəblər ola bilər.Ancaq bütün bunlar sualımıza tam olaraq cavab vermir. Çünki bir çox bu hallarla rastlaşsa da niyə sadəcə bir qismi depresiya keçirir? Deməli bəzi insanlarda depresiyaya meyillilik vardır.
   Depresiyada genetikanın rolu vardır.Tədqiqatların bir çoxunda depresiyaya meyilli insanların qohumlarında da depresiyaya rast gəlinib.Digər tərəfdən depresiyaya meyilli insanların şəxsiyyət tiplərində də fərqlilik var.Heç kimi incitməməyə, hər kəsi xoşbəxt və məmnun etməyə çalışırlar.Bu insanlar çox zaman çox həssas,idealist,məsuliyyət hissi yüksək insanlar olur.Hər zaman mükəmməl nəticə əldə etmək istəyirlər,əldə etdikləri uğurlarla kifayətlənmirlər. Çox gürurludurlar.Aqressiyaları çox vaxt üzə çıxarmırlar,içlərinə atırlar.
Bundan başqa depresiya dərmanlar və fiziki xəstəliklər ucbatından da üzə çıxa bilir.Təzyiq dərmanları,tuberklyoz xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar, steroidlər və sair bunlara misal ola bilər. Beyin qanamaları, beyində damar tıxanıqlarından sonra depresiyaya çox rast gəlinir. Depresiyaya səbəb olan digər xəstəliklər xərçəng, şəkər xəstəliyi, ürəkdə problemlər, ağır dərəcədə qansızlıq və qalxanabənzər (troid) vəzin xəstəlikləri (zob) və s. Böyrək xəstəliyi bağlı dialezə bağlı xəstələrdə depresiyaya meyillilik daha çox olur.

                                                       Beyində nə baş verir?

Depresiyaya hansı səbəbdən qaynaqlanmasına baxmayaraq beyin xəstəliyidir. Depresiya keçirən insanların beyinlərində aparılan tədqiqatlar nəticəsində onların beyinlərində bir çox dəyişikliklərə rast gəlinmişdir. Ən çox rast gəlinən hüceyrələr arasında əlaqə yaradan yerlərdə tıxanıqların əmələ gəlməsidir. Bu zaman lazımlı maddələrin ötürülməsində problem yarandığı üçün depresiyaya gətirib çıxır.
              
                                                                Müalicəsi

Depresiya ağır xronik mərhələdə isə həkim-psixatr tərəfindən dərman müalicəsi aparılır. Xəstələrin bir çoxundan 2-3 həftə sonra sağalma müşahidə olunur. Əgər sağalmazsa əlavə dərmanlardan da istifadə olunur.
Ağır dərəcədə depresiya xəstələrinə sadəcə psixoterapiya fayda etmir. Yüngül depressiv hisslərdə psixoterapiyadan istifadə olunur. Sağalmağa doğru gedən xəstələrlə psixoterapiya onu depresiyaya salan şəxsiyyəti ilə bağlı xüsusiyyətlərini daha yaxşı  tanıyıb bununla mübarizə aparmasında faydalı ola bilər.
Depresiyaya psixoloji tərəfdən baxış və psixoterapiya ilə nələr düzəldilir
Depresiya neqativ düşüncələr, səhv və tək tərəfli işləyən məntiq sisteminin məhsuludur. Bu məntiq sisteminə nə təqdim edərsəniz edin, digər tərəfdən mütləq mənfi, ümidsiz, pessimist şərhlər çıxacaq. Ümidə doğru gedən yolları xüsusilə bağlanıbdır. 
Bu sistem 6 fundamental məntiqi xətalara əsaslanır.
1) Heç bir əsası olmayan qənaətlər: Kifayət qədər sübut, əsas olmasa da yaşanan hadisələr və içində olduğu vəziyyətlə bağlı neqativ nəticələrə gəlmək. Məsələn: İmtahana hazırlaşan bir tələbə heç səbəb olmadan uğursuz olacağına inanır ya da depressiv hisslər yaşayan bir iş adamı iflas edəcəyini düşünür.
2) Tək yönə diqqətini toplamaq:  Olduğu vəziyyətin və yaşadıqları hadisələrin sadəcə pis tərəfini görmək. Gün ərzində bir çox pozitiv və neqativ hadisələrlə qarşılaşsa da gecə yatanda sadəcə neqativ hadisələri xatırlayıb pis gün keçirdiyi düşünür.
3) Özünə pay çıxarmaq: İnsan özü ilə bağlı olmayan və ya qismən bağlı olan hadisə vəə situatsiyalardan özünə pay çıxarır. Misal üçün yolda tanışının onu görüb salam verməməsini  "Yəqin onun möhkəm xətrinə dəymişəm, ona görə belə davrandı."  kimi şərh edə bilir.
4) Ümumiləşdirmədə sərhədi aşmaq : Tək hadisədən ümumi nəticələr çıxarır.Misal üçün avtobus zamanında gəlmədiyi üçün insan heç bir işinin yolunda getmədiyi nəticəsini çıxarır və o şəkildə düşünməyə davam edir. Ya da dostu zəng etmədiyi üçün bütün insanlar ın ona qarşı laqeyd olduğu nəticəsinə gəlir.
5) Ya hər zaman ya da heç bir zaman tipində düşüncə tərzi: Bütün hadisələr " ya hər zaman ya heç bir zaman" prinsipinə görə qiymətləndirilir. Mükəmməl olmayan hər şeyin bərbad olduğunu düşünür. Bu insan sadəcə ağ və qaradan ibarət, başqa tonların, rənglərin olmadığı məntiq sistemi ilə düşünür.
6) Şişirtmək və ya kiçiltmək: Bu insan uğurlu olduğu işləri vacib saymır, uğursuzluqlarını şişirdir.
Psixoterapiyada yuxarıda 6 bənddə göstərilən səhv düşüncə sistemi, buna səbəb olan emosional travmalar və bunun nəticəsi olan uyğun olmayan davranışlar düzəldilir.





Uğur İnkişaf Mərkəxinin mütəxəssisi Psixoloq-konsultant Nərgiz Qaravəliyeva



0 rəy :

Yorum Gönder