Makedoniyalı İsgəndər imperator olduğu zaman atadan qalma bütün mirasını yaxınlarına bağışlamış, "Özünə nə saxladın?" - deyə soruşanlara da ümid adlı ən böyük varlığı cavabını vermişdi.Pay olaraq seçdiyi ümidi və əzmi sayəsində böyük əraziləri ələ keçirmiş, bir qrup insanın tanıdığı İsgəndərikən, milyonların İsgəndəri olmuşdu.
Makedoniyalı İsgəndər bu sərvətə necə nail olmuşdu? Müvəffəqiyyətinin təməlində nə sirr yatırdı? Hansı ümid ona bu uğuru bəxş etmişdi? Və nə səbəbdən o, fizioloji olaraq onunla eyni xüsusiyyəti daşıyan milyonlarla insandan fərqli olmuşdu?
Çünki o, hər şeydən əvvəl bacaracağına inanmışdı. Siz də inanacaqsınız. Ətrafınıza baxın. Böyük bir ağac kiçik bir toxumdan, insan kiçik bir canlıdan və dərya bir damladan meydana gəlmirmi? Qıgılcımikən atəş, şölikən günəş və zərrəikən kainat olacağınıza inanacaqsınız.
Sadəcə bacaracağına inanan insanlar əzmlə çalışarlar. Yoxsa hansı səbəb sizi daha mükəmməl bir şeyi bacarmağa sövq edəcək ki?
Düzdür, böyük xəyallar və ideallar qovuşulmayacaq qədər uzaqda görünür. Lakin inamınızla məsafələrə meydan oxuyar, dağ kimi əngəlləri mum kimi əridərsiniz. Əks təqdirdə, müvəffəqiyyət kardioqramınız düz xətt göstərəcək, canlı ikən ölülərdən fərqlənməyəcəksiniz.
Türkiyə Cümhuriyyəti "İstiqlal marşı"nın yazarı Məhmət Akif Ersoy nə gözəl deyir:
Ümidsizlik elə bataqlıqdır ki, düşərsən, boğularsan,
Ümidə sarıl möhkəmcə, gör, nə olarsan.
Həyatınızda neqativliklərin olması labüddür. Əsas olan hər zaman ümidli olma və hədəfin reallaşacağı ana qədər mübarizəni dayandırmamaqdır.
Bir gün necə olursa, iki qurbağa içərisində süd olan bir qaba düşürlər. Nə qədər tullansalar da, qabdan kənara çıxmağa heç cür müvəffəq ola bilmirlər. Bir müddət sonra qurbağalardan biri "Artıq tullanmağımız mənasızdır. Bizimki bura qədər imiş" şəklində düşüncələrə qapılır, bütün cəhdlərindən vaz keçir və beləcə də süddə boğularaq ölür. Lakin digər qurbağanın inamı tamdır və o, ölüncəyə qədər tullanmaqda qərarlıdır. Heç bir işıq yolu görünməsə də, o, yenidən tullanmağa davam edir və o qədər tullanır ki, nəhayətdə südün üzərində yağ təbəqəsi əmələ gəlir, beləcə də südün səviyyəsi yüksəlir. Təbii ki, nəticə məlumunuzdur, yüksəliş qurbağaya qurtuluş gətirir.
Bəlkə sizin də üzərində hərəkət etdiyiniz zəmin canlılıq adına bir şey vəd etmir. Yoxluqlar içində qıvranır, yalnızlıq girdabında boğulursunuz. Şərtlər necə olursa-olsun, içində olduğunuz vəziyyət nədən xəbər verirsə-versin, yalnız və yalnız "Bitdim", - dediyiniz an bitməyə məhkumsunuz. Qərar almaq üçün əsla tələsməyin. İnamı artıracaq yollara baş vurdunuzmu?
"Hansı yollara?", - deməzdən əvvəl ətrafınıza nəzər yetirin, bütün kainatın sizi müvəffəqiyyətə səslədiyini görəcəksiniz. İçinizdəki səsə qulaq verin, müvəffəqiyyət dediyini eşidəcəksiniz...
İçiniz və çölünüz müvəffəqiyyət atəşilə yanıb tutuşarkən, irəliyə addım atmağın zamanı gəlmədimi?
0 rəy :
Yorum Gönder